Category: Təşkilat haqqında məlumat

“Hüquq və İnkişaf” İctimai Birliyi haqqında məlumat

“Hüquq və İnkişaf” İctimai Birliyi (HİİB) 2004-cü ilin aprel ayında bir qrup hüquqşünas tərəfindən yaradılıb və 31 may 2005-ci il tarixdə dövlət qeydiyyatına alınıb.

HİİB-in əsas məqsədi Azərbaycanda vətəndaş cəmiyyətinin və demokratik institutların inkişafına, habelə hüquqi islahatların aparılmasına yardım göstərməkdir. Birliyin fəaliyyət predmetinə demokratik təsisatların inkişafına və qanunvericilik sisteminin təkmilləşdirilməsinə dəstək vermək, əhalinin hüquqi biliklərinin artırılması üçün maarifçilik işinin aparılması, hüquqi və demokratik islahatların aparılmasına yardım göstərməkdir.

HİİB indiyədək 38 layihə həyata keçirib. Bu layihələrin 21-i hüquq maarifçiliyi və hüquqi yardım, 4-ü seçkilər, 3-ü bələdiyyələr, 4-ü deputat-seçici əməkdaşlığı, 3-ü qeyri-hökumət təşkilatları ilə bağlı olub.

Bu layihələr üzrə 8 min nəfərə yaxın şəxsə şifahi və yazılı hüquq məsləhəti verilib, 3 minə yaxın şəxsə birbaşa hüquq yardımı göstərilib və ya hüquqları dövlət orqanlarında və məhkəmədə müdafiə olunub, 18 iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsində Ərizəçilərin xeyrinə qərar çıxarılıb.

Bunlarla yanaşı, 10 minə yaxın yerli və regional xarakterli dəyirmi masa, seminar və təlim keçirilib, hüquqi məlumat, hüquqların müdafiəsi və təhlil xarakterli 15 çap materialı (kitabça, broşur və buklet) hazırlanıb və nəşr edilib, “Vətəndaşların qanunvericlik təşəbbüsü hüququ” adlı qanun layihəsi hazırlanıb, qeyri-hökumət təşkilatları, seçkilər, bələdiyyələr, vətəndaşların müraciətləri və məhkəmələrin təkmilləşdirilməsi ilə bağlı qanunvericiliyə bir sıra təkliflər hazırlanıb.

Bu layihələr əsasən ATƏT-in Bakı ofisi, Avropa İttifaqı, AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, ABŞ, Böyük Britaniya səfirlikləri, German Marşall Fondu (BST), Avrasiya Əməkdaşlıq Fondu, NED, Soros Fondu tərəfindən maliyyələşdirilib.

HİİB hazırda Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda seçki hüquqlarına və məlumatlılığına dəstək” layihəsini və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilən “Azərbaycanda sosial hüquqlar və onun müdafiəsinin təkmilləşdirilməsi” layihəsini həyata keçirir.

HİİB ölkədə fəaliyyət göstərən bir sıra yerli və beynəlxalq (xarici) təşkilatlarla və diplomatik nümayəndəliklərlə əməkdaşlıq edir.

HİİB-in ali idarəetmə orqanı Ümumi Yığıncaq, icra orqanı İdarə Heyəti və Sədr, nəzarət orqanı Nəzarət Təftiş Qrupudur. Birliyin üzvlər əsasən hüquqşünaslardır, Sədr və İdarə Heyətinin üzvləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləridir. Birliyin hazırkı işçi heyəti layihə koordinatorundan, 2 hüquqşünasdan, mühasibdən və ofis menecerdən ibarətdir.

Birliyin Sədri Hafiz Bəşir oğlu Həsənovdur.