QHT qanunvericiliyinin təkmilləşdirilməsinə dair Təkliflər

 Qeyri-hökumət təşkilatlarına dair hüquqi mühitin yaxşılaşdırılmasına dair

 Təkliflər

 

  1. Preambula

    2016-cı ilin sonlarından başlayaraq qeyri-hökumət təşkilatları haqqında qanunvericiliyə edilmiş məhdudlaşdırıcı xarakterli dəyişikliklərin aradan qaldırılması və ümumilikdə QHT qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər əsasən aşağıdakıları əhatə etmişdir.

    Azərbaycan Respublikası Prezidentinin  “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında” 21 oktyabr  2016-cı il tarixli  Fərmanı verilmişdir.

    Fərmanda 1) xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi; 2) qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi üçün donorla yanaşı, resipiyentin də müraciət edə bilməsi; 3) qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi prosedurunun sadələşdirilməsi ilə bağlı Azərbycan Respublikası Nazirlər Kabinetinə (Nazirlər Kabineti) müvafiq tapşırıqlar nəzərdə tutulurdu.

    Bu Fərmana uyğun olaraq Nazirlər Kabinetinin 11 yanvar 2017-ci il tarixli qərarı ilə “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda və 24 yanvar 2017-ci il tarixli qərarı ilə isə,  “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nda xeyli dəyişikliklər edilmişdir.

    Həmin dəyişikliklərlə xarici donorlar tərəfindən qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi tətbiq edilmiş, qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi üçün həm donorun, həm də resipyentin müraciət edə bilməsi təsbit edilmiş, təqdim edilməli sənədlərin, o cümlədən notarial qaydada təsdiqlənməli sənədlərin dairəsi xeyli azaldılmış, qrant müqaviləsinin xidmət müqaviləsi kimi qeydə alına bilməsi imkanı yaradılmış və prosedurlar sadələşdirilmişdir.

    Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmiş və burada əsas fəaliyyətlərdən biri kimi  “Qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün əlverişli mühitin inkişafı ilə bağlı təkliflərin hazırlanması”  nəzərdə tutulmuşdur.

    Bunlarla yanaşı, 2015-cı ilin sonlarında və 2016-cı ildə xarici donorlarla 15 noyabr 2014-cü il tarixədək bağlanmış və qeydə alınmamış xeyli qrant müqavilələri qeydə alınmış və uğurla icra olunmuşdur.

    Bunlardan başqa 2016-cı ildə qəbul edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda əsas fəaliyyətlərdən biri kimi “Qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün əlverişli mühitin inkişafı ilə bağlı təkliflərin hazırlanması” nəzərdə tutulmuşdur.

    Açıq Hökumətin Təşviqinə dair Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platforması bütün bunlardan çıxış edərək həyata keçirilən tədbirləri müsbət xarakterizə edərək qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün əlverişli mühitin inkişafı ilə bağlı Hökumətə və Parlamentə aşağıdakı təklifləri irəli sürür:

     

    1. Qeyri-hökumət təşkilatlarının yaradılması və fəaliyyəti, həmçinin maliyyə dayanıqlığının təmin edilməsi sahəsində qanunvericilikdə aşağıdakı dəyişikliklərin edilməsi təklif edilir:

     

     

    1). “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanundan aşağıdakı maddələr çıxarılın:

    –  “Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində qeyri-hökumət təşkilatının təsisçisi və qanuni təmsilçisi ola bilərlər.”  məzmunlu 9.1-1.-ci maddə;

    –  “Qeyri-hökumət təşkilatı, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Barəsində məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.” məzmunlu 24-1.5.- ci maddə;

    –  24-2.1.–ci maddədəki “Xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə qeydə alınması üçün qeyri-hökumət təşkilatı tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur.” müddəası;

    –  “Müqavilə olmadan və ya qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyır.” məzmunlu 24-2.2.-ci maddəsi;

    –  Qeyri-hökumət təşkilatlarına məsuliyyət tədbiri kimi nəzərdə tutulan qeyri-hökumət təşkilatının fəaliyyətinin dayandırılmasını nəzərdə tutan 31.3., 31.3.1., 31.3.2. və 31.3.3.-cü maddələr;

    • “Qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Bu hesabatların forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.” məzmulu 29.4.-cü madddə;
    •  “Qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını bu Qanunun 29.4-cü maddəsində müəyyən edilmiş müddətdə təqdim etmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 gün müddətində təqdim edilməsinə dair göstəriş verir. Bu müddətdə hesabat təqdim etməyən qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyır.” məzmunlu 31.8.-cü madddə;
    • “Qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsi” adlı 30-1.-ci maddə.

    2). “Qrant haqqında” qanundan aşağıdakı maddələr çıxarılsın:

    – Qanunun 2-ci maddəsinin 5-ci hissəsindəki “Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnu əldə etdikdən sonra donor qismində çıxış edə bilərlər. Qrant vermək hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur.” müddəası və “Bu maddənin 5-ci hissəsində nəzərdə tutulmuş donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir” məzmunlu 5-1.-ci maddəsi;

    – Qanunun 3-cü maddəsinin 2-ci bəndinin 5-ci hissəsindəki “(həmin resipiyentlər yalnız bu Qanunun 2-ci maddəsinin 2-ci və 4-cü hissələrində nəzərdə tutulmuş donorlardan, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) olan donorlardan qrant ala bilərlər)” tələbi .

    4-cü maddəsindən aşağıdakı 4; 4-1 və 5-ci bəndləri:

    “4. Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi, habelə Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və ya nümayəndəliyi olan donorlar tərəfindən xarici resipiyentlərə qrant verilməsi haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün donorlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. Azərbaycan Respublikasının resipiyentlərinin aldıqları qrantlar haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün resipiyentlər tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. Dövlət büdcəsi hesabına verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini (qərarını) qeydə alan orqana donor tərəfindən təqdim olunur.

    4-1. Bu maddədə qrant müqavilələrinin (qərarlarının) qeydə alınması ilə bağlı göstərilmiş tələblər sub-qrantlara və qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin, habelə müqavilələrin (qərarların) müddətinin, məqsədinin, məbləğinin dəyişdirilməsi hallarına da şamil olunur.

    Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

    1. Qeydə alınmayan qrant verilməsi və ya alınması haqqında müqavilələr (qərarlar) üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparılabilməz”

    3). “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanundan aşağıdakı dəyişikliklər təklif edilir:

    –  Qeyri-hökumət təşkilatlarının qeydiyyatı və təsis sənədlərində qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyatı  elektron qaydada aparılsın;

    –  8.1.-ci maddədəki “40 gündən gec olmayaraq” sözləri “3 gündən gec olmayaraq” sözləri ilə əvəz edilsin;

    •  2.-ci maddədəki “30 gün müddətində” ifadəsi və “Müstəsna hallarda yoxlama zamanı əlavə araşdırma aparılması zərurəti yarandıqda, bu müddət daha 30 günə qədər artırıla bilər.” cümləsi çıxarılsın;
    •  9-cu maddədən “qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydə alınması” ifadəsi çıxarılsın;

    –  “Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı saziş.” məzmunlu 6.1.2-1.-ci maddəsi çıxarılsın;

    –  “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda;” məzmunlu  11.3.1.-ci maddəsi çıxarılsın;

    • “hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda;” məzmunlu 11.3.2.-ci maddəsi çıxarılsın.
    1. Qeyri-hökumət təşkilatlarının qərarların qəbulu və ictimai nəzarət proseslərində  iştirakının güclənidirilməsi sahəsində aşağıdakı tədbirlərin həyata keçirilməsi təklif edilir:

     

    • Qeyri-hökumət təşkilatlarının qanunvericilik prosesinə cəlb olunmalıdır. Bunun üçün qeyri-hökumət təşkilatlarının nümayəndələri Azərbaycan Respublikası Milli Məclisinin daimi komitələrinin işçi qruplarında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik məsələləri ilə məşğul olan strukturlarında iştirakı təmin olunmalıdır ;
    • Azərbaycan Respublikası Milli Məclisinin daimi komitələrinin işçi qruplarında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik məsələləri ilə məşğul olan strukturları qeyri-hökumət təşkilatları ilə birgə ictimai əhəmiyyət daşıyan normativ-hüquqi aktların, onların layihələrinin və qərarların müzakirələrini keçirməlidirlər;
    • Qeyri-hökumət təşkilatlarına dair qanunvericiliyə dəyişikliklər və ya yeni normativ-hüquqi aktlar yalnız qeyri-hökumət təşkilatları ilə müzakirə edildikdən sonra qəbul edilməlidir;
    • Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılan bütün İctimai Şuralarda qeyri-hökumət təşkilatları daha geniş formada təmsil olunmalıdır;
    • Qeyri-hökumət təşkilatları tərəfindən dövlət xidmətləri sahəsində monitorinqlərin həyata keçirilməsi üçün geniş imkanlar yaradılmalıdır.
    • Qeyri-hökumət təşkilatlarının xidmətlər sahəsində iştirakının gücləndirilməsi sahəsində aşağıdakılar təklif edilir:

     

    • Qeyri-hökumət təşkilatlarının sahibkarlıq fəaliyyətinin stimullaşdırılması üçün vergi və digər güzəştlər müəyyən edilməlidir;
    • Qeyri-hökumət təşkilatlarının dövlət satınalmalarında iştirakı genişləndirilməlidir;
    • Qeyri-hökumət təşkilatlarının sosial xidmətlər sahəsində iştirakı gücləndirilməlidir;
    • Özəl sektorun qeyri-hökumət təşkilatlarına sifarişləri stimullaşdırılmalıdır.
    1. Qeyri-hökumət təşkilatlarının texniki imkanlarının gücləndirilməsi sahəsində aşağıdakılar təklif olunur:

     

    • Qeyri-hökumət təşkilatları güzəştli icarı şərtləri ilə ofislərlə təmin edilməlidir;
    • Qeyri-hökumət təşkilatlarının fəaliyyətinə könüllülərin cəlb olunması stimullaşdırılmalıdır;
    • Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin işıqlandırılması üçün İTV-də 1 saatlıq həftəlik proqram yayımlanmalıdır.
    • Ali təhsil müəssisələrinin humanitar yönümlü fakültələrində qeyri-kommersiya hüququ fənni tədris olunmalıdır;
Updated: 26 Oktyabr 2017 — 13:13