“Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə

“Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının 6.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 30 mart 2016-cı il

№ 140

 

 

 

  Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı il 30 mart

tarixli 140 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi

 

QAYDALARI

 

  1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra – səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir.

1.2. Şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir.

1.3. Göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır:

1.3.1. şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması;

1.3.2. əlilliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğu (bundan sonra – əlillik) müddətinin bitməsi;

1.3.3. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi;

1.3.4. şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklərlə bağlı əlillik müddətinin başaçatma vaxtından əvvəl müayinəsi;

1.3.5. əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması;

1.3.6. xüsusi nəqliyyat vasitəsinin verilməsinə tibbi göstərişin müəyyən edilməsi.

 

  1. Göndərişlərin verilməsi qaydası

 

2.1. Göndəriş verilməsi üçün müraciət edən (yazılı və ya elektron formada) şəxslərin müraciət etdikdən sonra 7(yeddi) iş günündən gec olmayaraq, səhiyyə müəssisəsi tərəfindən sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün funksional, diaqnostik, laborator və obyektiv müayinələri aparılır, xəstəlik tarixindən çıxarışlar (epikrizlər) toplanılır, ehtiyac yaranarsa, diaqnozun dəqiqləşdirilməsi üçün şəxs əlavə ambulator və ya stasionar müayinəyə göndərilir.

2.2. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir.

2.3. Göndəriş müalicə həkimi tərəfindən doldurulur. Göndərişdə şəxsin fərdi identifikasiya nömrəsi qeyd edilməklə, onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər və ağırlaşmalar göstərilməlidir.

2.4. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) getmək imkanı olmadıqda (şəxsin hərəkət imkanı məhdud olduqda və heç bir reabilitasiya vasitəsinə sahib olmadıqda, səhiyyə müəssisəsində stasionar müalicə aldıqda), bu barədə göndərişdə həkim-məsləhət və ya hərbi-həkim komissiyasının rəyi qeyd olunur.

2.5. Bu Qaydaların 2.3-cü bəndinə uyğun doldurulmuş göndəriş protokolla rəsmiləşdirilir. Protokol həkim-məsləhət və ya hərbi-həkim komissiyasının sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

2.6. Bu Qaydaların 2.5-ci bəndinə uyğun olaraq protokolla rəsmiləşdirilmiş göndəriş 2(iki) iş günü ərzində “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə (bundan sonra – Reyestr) daxil edilməlidir.

2.7. Göndəriş Reyestrə “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə səhiyyə müəssisəsi rəhbərinin səlahiyyət verdiyi şəxslər tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında daxil edilir. Göndəriş Reyestrə daxil edilən gün şəxsə bu barədə məlumat verilir.

2.8. Göndərişin elektron sənəd forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.

2.9. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Reyestrə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir.

2.10. Göndərişin qüvvədəolma müddəti onun Reyestrə daxil edildiyi gündən etibarən 30(otuz) iş günü təşkil edir.

 

Qeyd. Bu Qaydalarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Updated: 05 Mart 2017 — 13:35