“Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
  2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla üç ay müddətində:

2.1. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində ərazi prinsipi əsasında tibbi-sosial ekspert komissiyaları yaratsın, onların dislokasiyasını və sayını müəyyən etsin;

2.2. tibbi-sosial ekspert komissiyalarının tərkibini, ştat cədvəlini və xərclər smetasını Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin təqdimatına əsasən təsdiq etsin.

  1. Tibbi-sosial ekspert komissiyaları müvafiq olaraq Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına maliyyələşdirilir.
  2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu qərardan irəli gələn müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.
  3. “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 160; 2001, № 11, maddə 725, № 12, maddə 803; 2003, № 4, maddə 219, № 6, maddə 342; 2006, № 9, maddə 819, № 10, maddə 903; 2008, № 2, maddə 130, № 8, maddə 787; 2010, № 12, maddə 1123; 2011, № 1, maddə 54, № 5, maddə 449; 2012, № 10, maddə 1013; 2013, № 10, maddə 1198) ləğv edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 5 fevral 2016-cı il

№ 36

 

 

 

  Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Tibbi-sosial ekspert komissiyaları haqqında

 

ƏSASNAMƏ

 

  1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.

1.2. TSEK öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və qərarlarını, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnaməni, bu Əsasnaməni və digər hüquqi aktları rəhbər tutur.

1.3. TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra – əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra – əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir.

1.4. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir.

1.5. Əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir.

1.6. TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir.

1.7. Əlilliyi olan şəxsə TSEK tərəfindən verilmiş əmək zəmanətinə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatların rəhbərliyi hökmən əməl etməlidirlər.

1.8. TSEK Xidmət tərəfindən müvafiq iş otaqları, tələb olunan ləvazimat və avadanlıqlarla təmin olunur.

1.9. TSEK-in nəqliyyat vasitəsi olmadığı hallarda, səyyar müayinələrin aparılması üçün TSEK rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən nəqliyyat vasitəsilə təmin edilir.[1]

1.10. TSEK-in dairəvi möhürü və ştampı vardır.

 

  1. TSEK-in təşkili

 

2.1. TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Muxtar Respublikası üzrə isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılır və ləğv edilir.

2.2. TSEK üç həkimdən – ekspert-terapevt, ekspert-nevropatoloq və ekspert-cərrahdan ibarət olur. Ekspert həkimlərdən biri TSEK-in sədri təyin olunur. TSEK-də bir ştat vahidi tibb bacısı və bir ştat vahidi qeydiyyatçı nəzərdə tutulur.

2.3. Sədr TSEK-in işini təşkil edir, iş qrafikini hər il dekabrın 1-dək təsdiq olunması üçün Xidmətə təqdim edir, tibbi-sosial ekspertizanın aparılmasının keyfiyyətinə görə məsuliyyət daşıyır. [2]

2.4. TSEK-in sədrini, üzvlərini və digər işçilərini (Naxçıvan Muxtar Respublikası üzrə TSEK istisna olmaqla) Xidmətin rəisinin təqdimatı əsasında Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəyə təyin və vəzifədən azad edir.

2.5. TSEK-in sədrinin və üzvlərinin vəzifə təlimatları Xidmətin rəisinin təqdimatına əsasən Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən təsdiq edilir.

2.6. Naxçıvan Muxtar Respublikası TSEK-i Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil edilir və fəaliyyəti tənzimlənir. TSEK-in sədri, üzvləri və digər işçiləri Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

2.7. TSEK-in müayinələrinə müalicə həkimləri, əhalinin sosial müdafiəsi mərkəzinin, ictimai təşkilatların və əmək kollektivlərinin nümayəndələri dəvət oluna bilərlər.

 

  1. TSEK-in vəzifələri və hüquqları

 

3.1. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir:

3.1.1. əlilliyi qiymətləndirmək;

3.1.2. əlilliyi qiymətləndirilən şəxslərin reabilitasiya potensialının səviyyəsini və xarakterini müəyyən etmək; [3]

3.1.3. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını müəyyən etmək;

3.1.4. istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin peşə əmək qabiliyyətini, sağlamlığı xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə pozulmuş fiziki şəxsin əmək qabiliyyətini itirmə faizini, habelə istehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi ilə əlaqədar işçinin (sağlamlığı xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə pozulmuş fiziki şəxsin) əlavə xərclərə (müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitəsinin verilməsinə və başqa peşə öyrədilməsinə) ehtiyacı olub-olmadığını müəyyən etmək;

3.1.5. istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin ölümünün qeyd olunan hadisələrlə əlaqəsini müəyyənləşdirmək;

3.1.6. dövlət orqanlarının və ictimai təşkilatların iştirakı ilə əlilliyi olan şəxslərin fərdi reabilitasiya proqramını hazırlamaq, əlilin fərdi reabilitasiya proqramına uyğun olaraq reabilitasiya müəssisəsinə göndərilməsinə göstəriş olub-olmamasını müəyyənləşdirmək;

3.1.7. reabilitasya proqramının icraçısını və icra müddətini göstərməklə, reabilitasiya tədbirinin növünü, həcmini və formasını müəyyənləşdirmək;

3.1.8. fərdi reabilitasiya proqramının icrasına nəzarət və düzəlişlər etmək;

3.1.9. əlilliyi olan şəxslərə psixoloji yardım göstərmək;

3.1.10. işləməyən əlilliyi olan şəxslərin peşəyönümünü müəyyənləşdirmək üçün tövsiyə olunacaq əmək fəaliyyətində onun səhhətinə mənfi təsir göstərə biləcək mütləq və nisbi əks göstəriş sayılan istehsalat şəraitini və amillərini (əmək zəmanətini) müəyyən etmək, işləyən əlilliyi olan şəxslərin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar barədə rəy vermək;

3.1.11. əlilliyi olan şəxslər üçün qanunvericilikdə nəzərdə tutulmuş sosial müdafiə tədbirlərinə (protez-ortopedik məmulatlarının, eşitmə aparatlarının, kreslo-veloarabalar və digər reabilitasiya vasitələrinin verilməsi, nəqliyyat və hərəkət vasitələri ilə təminolunma, xüsusi təhsil alma, evdə sosial-məişət xidməti göstərilmə və s.) ehtiyacları barədə tibbi göstərişlər vermək;

3.1.12. tibbi-sosial ekspertiza haqqında qanunvericiliyin təkmilləşdirilməsinə zəmin yaratmaq məqsədi ilə əlilliyi olan şəxslər, əlilliyin vəziyyəti və dinamikası, əlilliyi olan şəxslərin sosial müdafiəyə, o cümlədən reabilitasiya tədbirlərinə olan ehtiyacı, görülən tədbirlərin nəticəsi və səmərəliliyi barədə sistemləşdirilmiş məlumat bankı yaratmaq;

3.1.13. xidmət rayonunda əlilliyin vəziyyətini təhlil edib yerli icra hakimiyyəti orqanlarına məlumat vermək;

3.1.14. əlilliyi olan şəxslərin əlilliyinin qiymətləndirilməsi sənədlərlə təsdiq edilən üzrlü səbəbdən ötürüldükdə (stasionar müalicə, ezamiyyə, hərbi əməliyyatlar gedən bölgələrdə vəziyyətlə bağlı və s.), bir aydan çox olmayan ötmüş müddət nəzərə alınmaqla, ekspertiza aparıb şəxsin əlilliyi barədə qərar qəbul etmək; [4]

3.1.15. əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək;[5]

3.1.16. sağlamlıq imkanları məhdud uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikasını aparmaq, bunun əsasında onların xüsusi təhsilə ehtiyacını müəyyənləşdirmək və onların “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul etmək, valideynlərinə və ya digər qanuni nümayəndələrinə müvafiq məlumatlar vermək;

3.1.17. əlilliyi olan şəxsləri müayinə və müalicə məqsədləri ilə fərdi reabilitasiya proqramına uyğun olaraq, səhiyyə və ya reabilitasiya müəssisələrinə göndərmək.

3.2. TSEK-in hüquqları aşağıdakılardan ibarətdir:

3.2.1. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə tibbi-sosial ekspertiza üçün lazım olan məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.2. əlilliyi olan şəxslərin fərdi reabilitasiya proqramının icrasına nəzarət etmək;

3.2.3. qərar qəbul etməkdə çətinlik çəkdiyi mürəkkəb ekspertiza hallarında Xidmətdən məsləhət almaq.

 

  1. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları[6]

 

4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır.

4.2. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır və şəxsin müayinə üçün TSEK-ə gəlmək imkanının olmamasına dair həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının rəyi qeyd olunur. [7]

4.3. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir.

4.4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir.

4.5. Hərbi-həkim ekspertizasının rəsmiləşdirdiyi göndərişlərin “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilməsi mümkün olmadıqda, onlar kağız daşıyıcıları formasında imzalanır və dairəvi möhürlə təsdiq olunmaqla, hərbi-həkim ekspertizası tərəfindən Xidmətə təqdim edilir.

4.6. Göndərişlər rəsmiləşdirildiyi tarixdən 1 (bir) ay müddətində qüvvədə olur.

4.7. Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.

4.8. TSEK-ə göndərişin forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılaraq təsdiq edilir.

4.9. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemə (bundan sonra – TSERAS) ötürülür.[8]

4.9-1. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. [9]

4.9-2. Qəbul edilmiş qərarların obyektivliyinin təmin edilməsi məqsədi ilə seçmə qaydada eyni göndəriş bir neçə TSEK-ə göndərilə bilər. Müxtəlif TSEK tərəfindən qəbul edilmiş qərarlarda uyğunsuzluq aşkar edildiyi təqdirdə, son qərar Xidmət tərəfindən verilir;

4.9-3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının daxili nəzarət şöbəsi və Xidmət tərəfindən seçmə qaydada göndəriş üzrə məlumatların yoxlanılması həyata keçirilə bilər.

4.10. Şəxsin TSEK-ə gəlmək imkanının olmaması (şəxsin hərəkət imkanının məhdud olması və heç bir reabilitasiya vasitəsinə sahib olmadıqda, səhiyyə müəssisəsində stasionar müalicə alan yataq xəstəsi olduqda) statusu yalnız göndərişdə əks edilən həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının rəyinə əsasən “Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi” (bundan sonra – TSERAS) tərəfindən müəyyənləşdirilir.

4.11. Şəxsin müraciəti TSERAS tərəfindən emal edilməklə, onun ərizədə qeyd etdiyi əks əlaqə vasitələrinin birinə müayinənin vaxtı və yeri barədə məlumat göndərilir və ya bildirilir.

4.12. Şəxs (TSEK-ə gəlmək imkanı olmayan kimi müəyyən edilmiş şəxslər istisna olmaqla) məlumatda göstərilən TSEK-ə müəyyən edilmiş vaxtda gələrək müayinədən keçir. Bu zaman o, TSEK-ə şəxsiyyət vəsiqəsini, yetkinlik yaşına çatmayan şəxs olduğu halda isə şəxsiyyət vəsiqəsini və ya doğum haqqında şəhadətnaməni, valideynin (qanuni nümayəndənin) şəxsiyyət vəsiqəsini, valideyn olmayan digər qanuni nümayəndə olmasını təsdiq edən sənədi təqdim etməlidir.

4.13. Şəxs TSEK tərəfindən 1 ( bir) iş günü müddətində müayinə olunur.

4.14. TSEK-ə gəlmək imkanının olmaması barədə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının rəyinə əsasən şəxsin müayinəsi səyyar qaydada evdə və ya müalicə olunduğu səhiyyə müəssisəsində 1 (bir) iş günü müddətində aparılır.

4.15. Göndərişdə göstərilən “TSEK-ə gəlmək imkanı olmayan” rəy reallıqda öz təsdiqini tapmadığı halda, TSEK bu şəxsi səyyar qaydada müayinədən keçirməkdən imtina edir və TSERAS-da bu barədə müəyyən qeydlər aparır.

4.16. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir.[10]

4.17. Qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir (1 nömrəli əlavə).[11]

4.18. Qəbul edilmiş qərarın nəticəsindən asılı olmayaraq, müayinəyə əsas verən göndəriş yenidən hər hansı bir TSEK-ə müayinə üçün əsas ola bilməz.

4.19. Hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir.[12]

4.20. Protokol həm də kağız formasında sistemdən çap olunaraq, TSEK-in sədri və üzvləri tərəfindən imzalanır və dairəvi möhürlə təsdiq olunur.

4.21. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxslər peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün hadisə baş vermiş işəgötürənin yazılı sorğusu ilə birlikdə bədbəxt hadisənin baş verməsini təsdiq edən aktı və yaxud məhkəmənin qərarını, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi Xidmətə təqdim edirlər. [13]

4.22. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır.

4.23. Mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür.[14]

4.24. Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, TSEK-in qərarını təsdiq və ya ləğv edir, yaxud yeni qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. [15]

4.25. Araşdırma şəxsin iştirakı ilə təkrar müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə təkrar müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. [16]

4.26. Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır.

4.27. Əlillik dərəcəsi və onun təyin olunma tarixi xəstəlik vərəqəsində qeyd edilir.

4.28. Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, şəxsin işlədiyi müəssisə, idarə və təşkilatın, səhiyyə müəssisəsinin sorğusu əsasında məlumatların onlara elektron formada ötürülməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada təmin edilir.[17]

4.29. Hər rübün sonunda TSEK Xidmətə statistik hesabat verir.

4.30. TSEK-də istifadə olunan sənədlərin formaları qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilir.

 

  1. Əlillik müddətinin müəyyən edilməsi və TSEK-in qərarlarından şikayət qaydaları

 

5.1. Əlillik müddətlə müəyyən edildiyi hallarda, şəxs növbəti əlilliyin qiymətləndirilməsi təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur.

5.2. Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 25 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda, onun müddəti sağlamlığın pozulmasının xarakterindən və reabilitasiya tədbirlərinin səmərəliliyindən asılı olaraq 1(bir) il müəyyənləşdirilir.

5.3. Əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: [18]

5.3.1. həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə;

5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə;

5.3.3. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda;

5.3.4. fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə.[19]

5.4. TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. [20]

5.5. TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

 

 

 

“Tibbi-sosial ekspert komissiyaları

haqqında Əsasnamə”yə

1 nömrəli əlavə

 

AZƏRBAYCAN RESPUBLİKASININ

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ yanında

DÖVLƏT TİBBİ-SOSİAL EKSPERTİZA VƏ REABİLİTASİYA XİDMƏTİ

QƏRAR

 

Qiymətləndirmə üzrə unikal kod: tarix                      tarix  

 

Şəxs barədə məlumat

 

Cinsi:

 

Doğum tarixi:

 

Qiymətləndirmənin nəticələri *

 

A. Əlillik dərəcəsi (I, II, III) və ya sağlamlıq imkanları məhdud (SİM) uşaq olması: 

 

B. Əlilliyin və ya sağlamlıq imkanlarının məhdudluğunun ilkin və ya təkrar olması: 

 

Səbəbi:  

 

Meyarı: 

 

Müddəti:  

 

Əmək zəmanəti:  

 

TSEK-in üzvləri barədə məlumat  

 

Qurumun adı:  

 

Sədri

 

Üzvləri

 

* Əlillik və ya sağlamlıq imkanları məhdudluğu müəyyən edilmədikdə, “Qiymətləndirmənin nəticələri” bölməsində yalnız imtina səbəbi göstərilməlidir. TSEK əlilliyin qiymətləndirilməsinin Xidmət tərəfindən keçirilməsini zəruri hesab etdikdə, “Qiymətləndirmənin nəticələri” bölməsində bu zərurətin səbəbini qeyd etməlidir.

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 1 iyul 2016-cı il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2016-cı il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №7, maddə 1343)
  2. 11 noyabr 2016-cı il tarixli 446 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2016-cı il, № 252)
  3. 28 noyabr 2016-cı il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

[1] 11 noyabr 2016-cı il tarixli 446 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2016-cı il, № 252) ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 1.9-cu, 2.7-ci, 4.10 – 4.15-ci və 4.18-ci bəndləri ləğv edilmişdir.

 

[2] 11 noyabr 2016-cı il tarixli 446 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2016-cı il, № 252) ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 2.3-cü bəndindən “iş qrafikini hər il dekabrın 1-dək təsdiq olunması üçün Xidmətə təqdim edir,” sözləri çıxarılmışdır.

 

[3] 11 noyabr 2016-cı il tarixli 446 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2016-cı il, № 252) ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 3.1.2-ci yarımbənddə və 4.21-ci bənddə “müayinə olunan” sözləri “əlilliyi qiymətləndirilən” sözləri ilə əvəz edilmişdir.

 

[4] 11 noyabr 2016-cı il tarixli 446 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2016-cı il, № 252) ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 3.1.14-cü yarımbənddə “təkrar müayinəsi” sözləri “əlilliyinin qiymətləndirilməsi” sözləri ilə əvəz edilmişdir.

 

[5] 11 noyabr 2016-cı il tarixli 446 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2016-cı il, № 252) ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 3.1.15-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.1.15. şəxslərə tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə məlumat vermək;

 

[6] 11 noyabr 2016-cı il tarixli 446 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2016-cı il, № 252) ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4-cü hissənin adında, 4.1-ci bənddə və 5.1-ci bənddə ismin müvafiq hallarında “müayinə” sözü ismin müvafiq hallarında “əlilliyin qiymətləndirilməsi” sözləri ilə əvəz edilmişdir.

 

[7] 11 noyabr 2016-cı il tarixli 446 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2016-cı il, № 252) ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.2-ci bənddən “və şəxsin müayinə üçün TSEK-ə gəlmək imkanının olmamasına dair həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının rəyi qeyd olunur” sözləri çıxarılmışdır.

 

[8] 11 noyabr 2016-cı il tarixli 446 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2016-cı il, № 252) ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.9-cu bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

4.9. Göndərişin rəsmiləşdirilməsi barədə məlumatı almış şəxs əlilliyin müəyyən edilməsi üçün mümkün fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.) istifadə edərək, “Əlillik dərəcəsinin və ya sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün müraciətin qeydiyyatı” elektron xidmətini seçir, göndərişin və şəxsiyyət vəsiqəsinin (yetkinlik yaşına çatmayan şəxs olduğu halda isə şəxsiyyət vəsiqəsinin və ya doğum haqqında şəhadətnamənin) nömrəsini tələb olunan sahəyə daxil edir. Daxil edilmiş məlumatların düzgünlüyü sistem tərəfindən təsdiqləndikdən sonra müraciət edən şəxs elektron ərizə formasını doldurur.

 

[9] 11 noyabr 2016-cı il tarixli 446 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2016-cı il, № 252) ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə yeni məzmunda 4.9-1-ci, 4.9-2-ci və 4.9-3-cü yarımbəndlər əlavə edilmişdir.

 

[10] 11 noyabr 2016-cı il tarixli 446 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2016-cı il, № 252) ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.16-cı bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

4.16. TSEK müayinənin nəticələrini kollegial müzakirə etdikdən sonra həmin gün qərar qəbul edir.

 

[11] 11 noyabr 2016-cı il tarixli 446 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2016-cı il, № 252) ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.17-ci bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

4.17. Qəbul edilmiş qərar və müayinəyə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir. Məlumatlar TSERAS-a daxil edildikdən və təsdiqləndikdən dərhal sonra TSEK-in qərarı müayinə olunan ºəxsə (yaxud, onun qanuni nümayəndəsinə) sədr tərəfindən elan edilir və bildiriş təqdim edilir (1 və 2 nömrəli əlavələr).

“Tibbi-sosial ekspert komissiyaları

haqqında Əsasnamə”yə

1 nömrəli əlavə

 

Tibbi Sosial Ekspert Komissiyasının 18 yaşdan yuxarı şəxslər üzrə müayinə qərarı

 

AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ yanında DÖVLƏT TİBBİ-SOSİAL EKSPERTİZA VƏ REABİLİTASİYA XİDMƏTİ
 

___nömrəli Tibbi Sosial Ekspert Komissiyası

№                                                                                                          tarix

Müayinə olunan şəxs barədə məlumat
  Soyadı:                         Adı:                        

Cinsi:                         Vətəndaşlığı: 

Şəxsiyyətini təsdiq edən sənədin:

Adı –                                          

seriyası və nömrəsi-                  

verildiyi tarix-                        sənədi verən orqanın adı –               

Doğum tarixi:    

Qeydiyyatda olduğu ünvanı:

Əlaqə telefonu:               

Qanuni nümayəndə barədə məlumat
Soyadı:                             Adı:                              Atasının adı:      

Cinsi:  Vətəndaşlığı:                     Doğum tarixi:                                

Şəxsiyyətini təsdiq edən sənədin:

adı-                                                                                       

seriyası və nömrəsi-                                                              

verildiyi tarix-                                                                         

sənədi verən orqanın adı-

Qeydiyyatda olduğu ünvanı:

Əlaqə telefonu:                 

Müayinə barədə məlumat
İlkin və ya təkrar olması barədə məlumat:

Əlillik qrupu:

Əlilliyin səbəbi:

Müddəti: 

Növbəti müayinə tarixi:

Əlilliyin müəyyən olunması meyarı:

Əmək zəmanəti:              

TSEK-in sədri:

“Əlilliyin müddəti” sahəsi “Müddətsiz” dəyəri aldıqda, “Növbəti müayinə tarixi” sahəsində də “Müddətsiz” qeyd edilsin.

Əlilliyin verilməsindən imtina edildikdə, “Müayinə barədə məlumat” aşağıdakı formada olacaqdır:

 

Müayinə barədə məlumat
Əlilliyin verilməsindən imtina edilmişdir.

İmtinanın səbəbi:       

 

TSEK müayinənin Xidmət tərəfindən keçirilməsi barədə müraciət edərsə, bu zaman “Müayinə barədə məlumat” aşağıdakı formada olacaqdır:

 

Müayinə barədə məlumat
Xidmət tərəfindən keçirilməsini zəruri edən hal:

 

 

 

“Tibbi-sosial ekspert komissiyaları

haqqında Əsasnamə”yə

2 nömrəli əlavə

 

Tibbi Sosial Ekspert Komissiyasının 18 yaşadək uşaqlar üzrə müayinə qərarı

 

AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ yanında DÖVLƏT TİBBİ-SOSİAL EKSPERTİZA VƏ REABİLİTASİYA XİDMƏTİ
 

___nömrəli Tibbi Sosial Ekspert Komissiyası

 

                                             tarix

Müayinə olunan şəxs barədə məlumat
Soyadı:                               Adı:                                Atasının adı:

Cinsi:                                   Vətəndaşlığı:

Şəxsiyyətini təsdiq edən sənədin:

adı-                                                                                       

seriyası və nömrəsi-                  

verildiyi tarix-                                                           

Doğum tarixi:    

Qeydiyyatda olduğu ünvanı:

Əlaqə telefonu:               

Qanuni nümayəndə  barədə məlumat
Soyadı:Adı:                         Atasının adı:

Cinsi:  Vətəndaşlığı:              Doğum tarixi:

Şəxsiyyətini təsdiq edən sənədin:

adı-                                                                                       

seriyası və nömrəsi-                                                            

verildiyi tarix-

sənədi verən orqanın adı:           

Qeydiyyatda olduğu ünvanı:

Əlaqə telefonu:                 

Müayinə barədə məlumat
Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarı:
Müddəti: 

Növbəti müayinə tarixi:

TSEK-in sədri:

1. “Müddəti” sahəsi “Müddətsiz” dəyəri aldıqda “Növbəti müayinə tarixi” sahəsinə də “Müddətsiz” qeyd edilsin.

2. Əlilliyin verilməsindən imtina edildikdə, “Müayinə barədə məlumat” aşağıdakı formada olacaqdır:

 

Müayinə barədə məlumat
Sağlamlıq imkanının məhdudluğu müəyyən edilmədi.

İmtinanın səbəbi:

 

TSEK müayinənin Xidmət tərəfindən keçirilməsi barədə müraciət edərsə, bu zaman “Müayinə barədə məlumat” aşağıdakı formada olacaqdır:

 

Müayinə barədə məlumat
Xidmət tərəfindən keçirilməsini zəruri edən hal:

 

[12] 11 noyabr 2016-cı il tarixli 446 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2016-cı il, № 252) ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.19-cu bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

4.19. Günün sonunda TSERAS-da gün ərzində keçirilmiş bütün müayinə hallarını özündə əks etdirən protokol forması hazırlanaraq, hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir.

 

[13] 11 noyabr 2016-cı il tarixli 446 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2016-cı il, № 252) ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.21-ci bəndə “sənədi” sözündən sonra “Xidmətə” sözü əlavə edilmişdir.

 

[14] 11 noyabr 2016-cı il tarixli 446 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2016-cı il, № 252) ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.23-cü bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

4.23. Mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, şəxsin müayinəsi zamanı göndərişdə göstərilən məlumatlar əsasında onun obyektiv vəziyyətinin tam qiymətləndirilməsi mümkün olmadıqda keçirilmiş müayinənin nəticələri barədə məlumatlar, ərizəçinin əks əlaqə vasitələri, eləcə də Xidmət tərəfindən təkrar müayinənin keçirilməsini zəruri edən səbəblər qeyd olunmaqla, TSERAS-a daxil etdikdən sonra TSEK müraciətin Xidmətə göndərilməsini təmin edir.

 

[15] 11 noyabr 2016-cı il tarixli 446 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2016-cı il, № 252) ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.24-cü bənddə “4.10-cu” sözləri “4.23-cü” sözləri ilə əvəz edilmişdir, “TSEK-in qərarını təsdiq və ya ləğv edir, yaxud yeni” sözləri çıxarılmışdır və “dərhal” sözündən sonra “gücləndirilmiş elektron imza ilə təsdiq edərək” sözləri əlavə edilmişdir.

 

[16] 11 noyabr 2016-cı il tarixli 446 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2016-cı il, № 252) ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.25-ci bənddə birinci cümlədən hər iki halda “təkrar” sözü çıxarılmışdır və “TSEK-dən” sözü “TSERAS-dan” sözü ilə, “müayinə vaxtını və yerini göstərməklə şəxsə onun ərizədə qeyd etdiyi” sözləri “şəxsin” sözü ilə əvəz edilmişdir və ikinci cümləyə “dərhal” sözündən sonra “gücləndirilmiş elektron imza ilə təsdiq edərək” sözləri əlavə edilmişdir.

 

[17] 1 iyul 2016-cı il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2016-cı il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №7, maddə 1343) ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.28-ci bəndindən “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun,” sözləri çıxarılmışdır.

 

[18] 11 noyabr 2016-cı il tarixli 446 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2016-cı il, № 252) ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 5.3-cü bənddə “təkrar müayinəsi” sözləri “əlilliyin təkrar qiymətləndirilməsi” sözləri ilə əvəz edilmişdir.

 

[19] 11 noyabr 2016-cı il tarixli 446 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2016-cı il, № 252) ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə 5.3.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 5.3.4-cü yarımbənd əlavə edilmişdir.

 

[20] 11 noyabr 2016-cı il tarixli 446 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 noyabr 2016-cı il, № 252) ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” 5.4-cü bənddə “təkrar müayinəsi” sözləri “əlilliyin təkrar qiymətləndirilməsi” sözləri ilə əvəz edilmişdir.

 

Updated: 04 Mart 2017 — 19:40