“Sosial yardımın alınması üçün şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlirlərin hesablanması Qaydası” nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın və “Ailənin orta aylıq gəlirinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli 32 nömrəli qərarının 4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
- “Sosial yardımın alınması üçün şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlirlərin hesablanması Qaydası” təsdiq edilsin (əlavə olunur).
- Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 1 may 2006-cı il
№ 118
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2006-cı il 1 may tarixli 118 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Sosial yardımın alınması üçün şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlirlərin hesablanması
QAYDASI
- Bu Qayda “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın və “Ailənin orta aylıq gəlirinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli 32 nömrəli qərarına əsasən hazırlanmışdır və sosial yardımın alınması üçün şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlirlərin hesablanmasını tənzimləyir.
- Əhalinin şəxsi yardımçı təsərrüfatdan torpaq payından və həyətyanı torpaq sahəsindən əldə olunan gəlirlərin müəyyənləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Ailənin orta aylıq gəlirinin hesablanması Qaydası”nın 6.5-ci və 6.6-cı yarımbəndləri ilə müəyyən edilir.
- “Ailənin orta aylıq gəlirinin hesablanması Qaydası”nın 5.15-ci yarımbəndinə dair əhalinin şəxsi yardımçı təsərrüfatdan heyvandarlıq sahəsində əldə olunan gəlirinin hesablanması heyvanların növləri, məhsuldarlığı nəzərə alınmaqla aşağıdakı kimi həyata keçirilir:
3.1. ana maldan məhsul istehsalı süd və balanı (1 baş sağlam alınan bala 150 kq südə bərabər götürülür və 6 aylığadək buzov hesab olunur), cavan maldan isə (çəki artımı alındığından) diri çəkidə ət istehsalını nəzərə almaqla, 1 başdan illik gəlir müəyyənləşdirilir:
Hər inək və camışdan bir ildə sağılan süd
(kq-la) |
Məhsulun dəyərindən bir ildə əldə olunan mənfəət (faizlə) | Hər bir cavan mal və camışın illik diri çəkisi
(kq-la) |
Məhsulun dəyərindən bir ildə əldə olunan mənfəət (faizlə) |
1000 | 15,8 | 160 | 14,0 |
1000-1500 | 21,6 | 161-200 | 18,4 |
1500-2000 | 23,3 | 201-250 | 26,3 |
2000-2500 | 29,0 | 251-300 | 30,5 |
2500-3000 | 32,0 | 301-350 | 32,4 |
3000-dən çox | 33,0 | 351-400 | 33,6 |
Qeyd: Ana maldan 1000 kq-dan az süd sağıldıqda, mənfəət (yəni bir başın xərcindən artıq gəlir) əldə edilmir.
- 1 baş qoyundan, 10 toyuqdan, 1 arı ailəsindən alınan mənfəət:
Növlər üzrə | Məhsulun dəyərindən bir ildə əldə olunan mənfəət
(faizlə) |
1 baş qoyundan | 64,0 |
10 yumurtlayan toyuqdan | 61,0 |
10 ətlik toyuqdan (broylerdən) | 60,0 |
1 arı ailəsindən | 84,0 |
Təhvil verilən baramanın dəyərindən | 50,0 |
Qeyd: Təhvil verilən baramadan və 1 arı ailəsindən alınan gəlir 12 aya bölünərək, ailənin gəlirinə daxil edilir.
3.3. 1 baş ana donuzdan il ərzində (2 dəfə bala almaqla) illik 53,5 faiz mənfəət hesablanır.
- Heyvandarlıqda məhsul istehsalı (məhsuldarlıq) və məhsulların qiymətinin hesablanması hər bir region üzrə rayon statistika şöbəsi tərəfindən orta bazar qiymətləri ilə müəyyən edilir.